Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:
“Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Cəbrayıl rayonun Horovlu kəndi yenidən salınır. Kəndə bu ilin ikinci yarısında 334 ailənin köçürülməsi nəzərdə tutulur”.
Həmçinin vurğulanıb ki, hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 78 ailənin köçürülməsi planlanlaşdırılır. “Report”