Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.
Mövzu ilə bağlı görüşdə iştirak edən Azad Vətən Partiyasının sədri Akif Nağı öz fikir və təəssüratlarını İnterpress.az-la bölüşüb.
“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə böyük bir toplantı keçirildi. O çıxışında dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirdi. Daha sonra bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verdi.
Toplantıda digər hökumət nümayəndələri də iştirak edirdi. Yəni çox maraqlı bir görüş oldu. Bütün partiyalar orada iştirak edirdi. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki iştirak etməyənlər artıq partiya deyil. Görüşdə iştirak edənlər siyasi partiyalara ətraflı məlumat verdilər.
Məlumatın mahiyyəti siyasi partiyalar haqqında qanunun təqdim olunma məsələsi idi və hər qurum öz işinə uyğun olaraq məlumatlar verdi. Geniş məruzə ilə Ədalət Vəliyev çıxış etdi. Hər tərəfi şəkildə qanundan irəli gələn məsələlər, detalları, xırdalıqları izah etdi. Sonra digərləri çıxış etdi.
Ondan sonra geniş şəkildə müzakirə keçirildi. Demək olar ki, hər kəs çıxış etdi. Müzakirələr 5 saata qədər davam etdi, fikirlər səsləndirildi, təkliflər verildi. Proporsional majoritar sistemin eyni vaxtda təqdiq olunması ilə əlaqədar seçki sistemində islahatlarla bağlı da təkliflər verildi.
Sonra partiyaların fəaliyyəti ilə bağlı əsas ümumi fikir ondan ibarət oldu ki, çox yaxşı bir mühit yaradılıbdır. Yəni bu, prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
Eyni zamanda Preced Administrasiyasının partiyalarla işi üzrə şöbəsinin və Ədalət Vəliyevinin apardığı işin nəticəsidir ki, partiyaların arasında xoş bir əməkdaşlıq mühiti yaranıb, düzgün dialoq formalaşdırılıb. Hər kəs bir-birinin mövqeyini nəzərə alır, xoş münasibət var. Yəni orada bütün məsələlər qeyd olundu”, – siyasətçi bildirib.
Akif Nağı qeyd edib ki, görüş olduqca xoş aurada keçib, hətta onlar təkliflər veriblər və bu təkliflərin nəzərə alınacağı vurğulanıb.
“Partiyaların fəaliyyəti üçün də uyğun şərait yaradılıb, ofislə təmin olunublar. Orada digər təkliflər də oldu. Məsələn, biz təklif etdik, partiyaların maliyyələşdirilməsi ilə bağlı müəyyən düzəlişlər olmalıdır. Sonra partiyaların yerli şöbələrinin ofislərlə, qərargahlarla təmin olunması ilə bağlı da təklifimizi verdik. Başqaları da müxtəlif təkliflər verdilər.
Bütün məsələlər diqqətlə müzakirə olundu və hər kəsin təklifinə də Ədalət müəllim çox diqqətlə yanaşır və özlərində qeyd edirdilər.
Müzakirələrin nəticələri və verilən təkliflərə uyğun olaraq, Ədalət müəllim dediyinə görə, müəyyən qərarlar qəbul olunacaq.
Ən azından partiyalar bir araya gəldilər və müəyyən məsələləri müzakirə etdilər. Və bu, partiyalar arasındakı dialoq mühitini formalaşdırır.
Eyni zamanda bilirsiniz ki, bu il parlament seçkiləri olacaq. Orada parlament seçkiləri ilə bağlı konkret bir söhbət olmadı. Hələ ki, ehtiyac yoxdur yəqin ki. Amma elə bu cür müzakirələr həm də sağlam, düzgün, ədalətli seçkilərin keçirilməsinə doğru bir addımdır. Onun hazırlanmasına doğru bu cür xoş müzakirələrin keçirilməsi vacibdir”, – partiya sədri fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az