İran Prezidentinin və xarici işlər nazirinin helikopter qəzasında həlak olması Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşlığın yaxşılaşdırılması ilə bağlı Tehranla danışıqlarında fasiləyə səbəb olub.
İnterpress.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi deyib.
“Onlar matəmdədir və buna hörmət etməliyəm. Ancaq bu bitdikdən sonra biz yenidən işləyəcəyik”, – Qrossi deyib.
Baş direktor matəmin bir neçə gün ərzində bitəcəyinə ümid etdiyini və bunun müvəqqəti fasilə olduğuna inandığını əlavə edib.
Qrossi qeyd edib ki, AEBA İranla texniki müzakirələri davam etdirməyi planlaşdırır, lakin ötən həftə sonu Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın həlak olması ilə nəticələnən helikopter qəzası səbəbindən müzakirələr hələ baş tutmayıb.