“7-ci Beynəlxalq Xeyirxahlıq Mükafatları”nın təqdimat mərasimində Sərvər Bəşirliyə “Vəfa Mükafatı” təqdim edilib.
İnterpress.az xəbər verir ki, Diyanət İşləri Başqanlığı və Türkiyə Diyanət Vəqfinin (TDV) təşkil etdiyi “7-ci Beynəlxalq Xeyirxahlıq Mükafatları” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaşın iştirakı ilə keçirilən tədbirdə sahiblərinə təqdim edildi.
Fevral ayının 6-da Türkiyənin yaşadığı əsrin fəlakətində demək olar ki, zəlzələdən dərhal sonra Bakıdan avtomobilinə yüklədiyi yardımlarla yola çıxaraq xeyriyyəçiliyin ən gözəl nümunələrindən birini nümayiş etdirən, Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağları, qardaşlığı daha da möhkəmləndirib könlümüzdə taxt quran Sərvər Bəşirliyə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Vəfa mükafatı” təqdim edildi.
“Bir millət, iki dövlət” dedikdə yaddaşlarda canlanan duyğu və düşüncələr təkcə iki kəlmə və iki ölkə deyildir. Bu sözlərlə həmçinin üzlərdə təbəssüm, ürəklərdə istilik də canlanır. Türkiyə və Azərbaycanın əbədi birliyi, qardaşlığı hər daim çiyin-çiyinə, birlikdə döyünən ürək kimi bütün dünyada bilinən bir həqiqətdir.
Türkiyə ilə Azərbaycan qardaşlığı ürəklərimizdə o qədər dərin kök salmışdır ki, hər iki tərəfdə də bir-biri üçün gözünü qırpmadan canını fəda etməyə hazır minlərlə vətəndaş vardır. Qardaşlığımız sözdə deyil, əməldə də özünü hər daim göstərir.
Sərvər Bəşirli: “…Mən sədəcə olaraq qardaşlarıma yardım etmək üçün yola çıxmışdım. Avtomobilim köhnə model olsa da, ürəyimdə olan qardaşlıq hissləri təzə və canlı idi. Qardaşlarımıza kömək etmək bizim vətəndaşlıq borcumuzdur…” – deyərək xeyirxahlığın ən gözəl nümunələrindən birini bir daha nümayiş etdirdi. Xalqlarımız arasındakı sarsılmaz bağın möhkəm olduğunu göstərərək ürəyimizi şad etdi.