Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir potensialı tam nəzərə alınmayıb.
İnterpress.az xəbər verir ki, bunu Hesablama Palatası Fondun büdcəsində dəyişiklik edilməsi barədə qanun layihəsinə verdiyi Rəydə bəyan edib.
Qurum hesab edir ki, layihədə DSMF-nin gəlirlərində nəzərə tutulmuş artım gəlir potensialının tam nəzərə alınmaması səbəbindən formalaşıb.
Bundan başqa, Hesablama Palatası DSMF-nin ötən illərdə istifadə olunmamış vəsaitinin gəlir məbləği kimi büdcədə nəzərdə tutulmasının gəlir kimi tanınmış məbləğin təkrar uçotuna (tanınmasına) şərait yaradacağı qənaətindədir. Fondun 2024-cü il üçün büdcəsində olduğu kimi, təqdim edilən Layihədə də əvvəlki illərdə Fondun istifadə olunmamış vəsaiti gəlir mənbəyi kimi göstərilib ki, bu da artıq gəlir kimi uçota alınmış məbləğin təkrar olaraq qeydə alınmasına şərait yaradacaq. Bu isə, öz növbəsində, DSMF-nin və icmal büdcənin gəlirlərinin düzgün olmayaraq həmin məbləğ qədər artımına səbəb olacaq.
“Dövlət büdcəsindən öhdəliklərinin maliyyələşdirilməsi üçün Fonda köçürülən vəsaitin ilkin proqnozlaşdırılan həddən aşağı olmaqla təklif edilməsi Palatanın əvvəlki rəylərində qeyd edildiyi kimi, öhdəliyin həcminin dəqiqləşdirilməsi zərurəti ilə yanaşı bu vəsaitin əsasən Fondun büdcəsinin balanslaşdırılması xarakteri daşıdığını təsdiqləmiş olur və “öhdəlik-sığorta” prinsiplərinin sərhədlərinin qeyri-müəyyən olması risklərini vurğulamaq imkanı verir.
Layihədə əmək pensiyalarının ödənilməsi üçün xərclərin artımının təklif edilməsi 2023-cü ilin sonuna orta aylıq əmək haqqının Fondun 2024-cü il üzrə büdcə göstəriciləri tərtib edilərkən nəzərə alınmış həddən yuxarı olması səbəbindən pensiyaların daha yüksək faiz dərəcəsi ilə indeksləşdirilməsi ilə izah oluna bilər.
Fondun saxlanma xərclərinin artırılması hüquqi aktla nəzərdə tutulmuş həddə riayət olunmaqla nəzərdə tutulmuş, bank əməliyyatlarının aparılması və sair xidmət haqları üzrə xərclərə yenidən baxılması əmək pensiyalarının ödənilməsi üzrə proqnozlaşdırılan xərclərdə artımla əlaqəli olub”, – deyə Rəydə qeyd olunub.