Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir.
Kampaniya çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçicilərlə görüşlərini keçirir.
Bu barədə İnterpress.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Görüş Bankə qəsəbəsində təşkil olunub.
Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, tədbirin aparıcısı öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı, şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev, ailəsinin iki üzvü şəhidi olan Vətən müharibəsi iştirakçısı Xəyal Cəfərov, qəsəbə ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.
Görüş iştirakçıları Tənzilə xanımı alqışlarla qarşılayıblar. Əvvəlcə dövlət himni səsləndirilib və çıxışlara yer verilib.
Tədbiri giriş sözü ilə açan aparıcı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətindən danışıb. Daha sonra o, seçiciləri fəallığa və layiqli təmsil edəcək namizədə səs verməyə çağırıb.
Görüşdə çıxış edənlər Tənzilə xanımın illərdir QHT sədri olaraq həmişə xalqın problemlərinin həllinə çalışdığını, bölgələrə bölmədən həmişə xalqın yanında olduğunu, insanların əlindən tutmağa, problemlərini aradan qaldırmağa çalışdığını, millət vəkili seçiləcəyi halda Neftçalanın gələcəyi, daha da abadlaşdırılması yolunda uğurlu seçim olacağını vurğulayaraq bütün qəsəbə sakinlərini xanım namizədə səs verməyə çağırıblar.
Daha sonra söz namizəd Tənzilə Rüstəmxanlıya verilib. O, seçiciləri salamladıqdan sonra platforması haqqında məlumat verib. Xanım namizəd seçiləcəyi halda ona etimad göstərən Neftçala əhlinə diqqət və qayğını artıracağına, problemlərinin operativ həlli yollarında bütün səy və bacarığını ortaya qoyacağını bildirib.
Tənzilə xanım vurğulayıb ki, qarşıdan gələn parlament seçkiləri azad və demokratik mühitdə və müstəqillik dövründən bu yana ilk dəfədir ki, bütün ölkə ərazisində keçiriləcək. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, ən layiqli namizədə səs verməyə çağırıb.
Yekunda qəsəbə sakinlərinin problemləri və təklifləri dinlənilib, xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının avqust ayı ərzində Neftçala sakinləri ilə silsilə görüşləri keçiriləcək.