İsrail Türkiyəyə ciddi zərbə olacaq layihələr həyata keçirməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” yazır. İsrail Ankaranın birbaşa təhlükə kimi qəbul etdiyi strateji müttəfiqlik və əməkdaşlıq vasitəsilə regionda öz mövqelərini fəal şəkildə gücləndirir.
Nəşr yazır ki, bu istiqamətdə atılan əsas addımlardan biri Yunanıstanla enerji və təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi olub.
İsrailin energetika naziri Koen Yunanıstana səfəri zamanı “İsrail enerjisinin siyasi güc olduğunu” vurğulayaraq əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalayıb.
Layihələrə İsraili Avropa enerji şəbəkəsi ilə birləşdirəcək dənizaltı elektrik kabelinin çəkilməsi və İsrail və Yunanıstan vasitəsilə Asiya ilə Avropanı birləşdirən infrastruktur dəhlizinin yaradılması daxildir.
Lakin Türkiyəyə vurulan əsas zərbə Yunanıstanla birgə “Yunan Dəmir Qübbəsi” adlı hava hücumundan müdafiə sisteminin yaradılması layihəsidir.
Plana 2 milyard avroluq investisiya daxildir və Yunanıstanı müasir təhlükələrdən, o cümlədən pilotsuz təyyarələr və raketlərdən qorumaq məqsədi daşıyır.
Ekspertlər qeyd edir ki, Ankara bu layihəyə Türkiyəyə strateji təzyiq elementi kimi baxır.
“Türkiyə İsrail və Yunanıstan arasında ittifaqı ciddi təhlükə kimi görür. Təhlükəsizlik sahəsində əməkdaşlıq, xüsusilə Yunanıstanın Dəmir Qübbəsi kimi təşəbbüslər Ankaranın narahatlığını artırır.”, – məqalədə qeyd olunub.
Xuraman Etibarlı
İnterpress.az