“ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum xarici ekspertlərə dünyada baş verən proseslər, Ermənistanla münasibətlərin tənzimlənməsi prosesi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə dünya üçün buraxdığı irsin müzakirəsi baxımından əlverişli imkan yaratdı”.
İnterpress.az xəbər verir ki, bunu prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun yekunları barədə danışan Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı deyib.
O bildirib ki, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır:
“Prezident İlham Əliyevin verdiyi mesajlar təkcə ölkənin diplomatik siyasətini gücləndirmədiyini, eyni zamanda, türk xalqları arasında birliyin qorunmasına xidmət etdiyini göstərir. O, Azərbaycanın bu mövqeyinin, türk dövlətlərinin gələcək birliyini dəstəkləyən bir addım olduğunu qeyd edib. Azərbaycan Prezidentinin bu mövqeyi qürurvericidir və bunun ümumilikdə türk dövlətlərinin birliyi üçün önəmi böyükdür. Xüsusilə ölkə rəhbərinin digər üç türk respublikasının Şimali Kipr məsələsində tutduğu mövqeylə bağlı açıq təəssüf bildirməsi böyük rəğbətlə qarşılanıb. Türk dünyası haqlı olaraq həmin dövlətlərdən Şimali Kipr Türk Cumhuriyyəti ilə bağlı prinsipial mövqe gözləyir və Prezident İlham Əliyev bunu qətiyyətlə ifadə edib. Prezident ölkəmizin Şimali Kipr Türk Respublikası ilə bağlı dəyişməz mövqeyini açıq şəkildə bəyan edib. Bu mövqe bütün Türk Dünyasında böyük coşqu ilə qarşılanıb və onu göstərir ki, Azərbaycan Türk Birliyində lider mövqedədir. Məhz bu məqam türk düşmənlərini, Azərbaycan-Türkiyə qardaşlığından narahat olanları hərəkətə gətirib və ölkəmizin Türkiyə-İsrail gərginliyində tutduğu mövqedən yanlış nəticələr əsasında kampaniya aparılır. Halbuki Prezident İlham Əliyevin Türkiyə-İsrail gərginliyi və Azərbaycanın vasitəçilik addımları haqda fikirləri həqiqəti ortaya qoyur. Birincisi, Ankara-Təl-Əviv arasında iki il öncə müşahidə edilən normallaşmada Bakının vasitəçilik səyləri mühüm paya sahib olub. İkincisi, Azərbaycan hazırda Türkiyə və İsrail dialoqunun yenidən qurulması istiqamətində işləyir. Bu proses həm də Türkiyənin maraqlarını ifadə edir. Rəsmi Bakı yalnız dost dövlətlərin maraqlarını qorumaqla kifayətlənmir, həm də Yaxın və Orta Şərqin sülh, barış nöqtəsi olmaq kimi bir qlobal missiyanı daşıyır”.