Fövqəladə Hallar Nazirliyi ticarət müəssisələrinin rəhbərlərinə müraciət edib.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, habelə həyata keçirilən müntəzəm nəzarət tədbirlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına yenə də rast gəlinir. Unutmaq olmaz ki, bu kimi hallar yanğınlara səbəb ola və nəticədə insan həyatı və sağlamlığı üçün təhlükə törədə, dövlət və şəxsi əmlaka ziyan vura bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha ticarət müəssisələrinin rəhbərləri və əməkdaşlarına müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Bu sahədə müəssisələrin kollektivinə metodiki köməklik məqsədilə Nazirlik tərəfindən ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici videoçarx hazırlanaraq ictimaiyyətin ixtiyarına verilib.
Videoçarxda ticarət müəssisələrinin əməkdaşlarının gündəlik iş fəaliyyətləri zamanı əməl etməli olduqları yanğın təhlükəsizliyi qaydaları öz əksini tapıb. Sadə və asan anlaşılan üslubda hazırlanmış, müvafiq videokadrların müşayiəti ilə təqdim olunan məlumatlar izləyicidə bu sahəyə dair tam təsəvvür formalaşdırır. Videoçarxla Nazirliyin rəsmi internet və sosial şəbəkə səhifələrində tanış olmaq mümkündür.