Uelsdə bağça müəllimlərinə “irqçi kimi davranan” uşaqlar haqqında polisə məlumat vermək tapşırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Böyük Britaniyanın Uels bölgəsində hakimiyyət orqanları uşaq bağçalarının tərbiyəçilərinə şok tapşırıq verib.
Tərbiyəçilərə göstəriş verilib ki, özlərini “irqçi kimi aparan” uşaqlar barədə dərhal polisə məlumat versinlər. Rəsmilər bu tədbirin regionda “nifrət zəminində cinayətkarlıqla” mübarizəyə kömək edəcəyini iddia edirlər.
Leyboristlər partiyası tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, bağça işçiləri uşaqların davranışlarına diqqətlə nəzarət etməli və “irqçilik əlamətləri”ni aşkar etməlidirlər.
Britaniya hakimiyyətinin irqçilik nümunəsi kimi göstərdiyi məqamlar isə hiddət doğurub:
Hesab edilir ki, əgər uşaq “hətta (!) şüursuz şəkildə” özü ilə zahiri görünüşcə oxşar, eyni dildə danışan və ya eyni sosial təbəqəyə aid olan uşaqlara və ya böyüklərə üstünlük verirsə, bu, hüquq pozuntusudur. Belə olan halda, tərbiyəçi “cinayət aktı”nı qeydə almalı və hüquq-mühafizə orqanlarına zəng etməlidir.
Böyük Britaniya qanunlarına əsasən, 10 yaşına qədər olan uşaqlar cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.
Buna baxmayaraq, “irqçi davranış” səbəbindən onlara komendant saatı tətbiq oluna, uşaq hüquqlarının müdafiəsi haqqında qərar çıxarıla və ya uşaqlar qəyyumluğa götürülə bilər.
Uels mühafizəkarlarının nümayəndəsi isə “Daily Mail”ə verdiyi müsahibədə bildirib ki, irqçiliklə mübarizə yaxşıdır, lakin 3 yaşlı uşaqların cinayətkar elan olunması absurddur.
Xuraman Etibarlı
İnterpress.az






