ABŞ BMT-nin daha bir neçə əməkdaşının 7 oktyabr hücumunda iştirakını aşkarlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
ABŞ-nin nəzarət orqanları BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA – BAPOR) 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlılarının İsrailin cənubuna hücumunda iştirak edən daha bir neçə əməkdaşını müəyyən edib.
ABŞ Ədliyyə Nazirliyi və FTB, aralarında ABŞ vətəndaşlarının da olduğu dinc sakinlərin oğurlanması və qətlə yetirilməsində əli olan BMT personalına qarşı cinayət işi başlamağı nəzərdən keçirir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, agentliyin azı 4 əməkdaşı girovların götürülməsində və HƏMAS-ın hücumuna köməklik göstərib. İfşa edilənlər arasında üç müəllim və bir sosial işçi var. Onların hücum günü dinc israilliləri əsirlikdə saxladıqları və yaraqlılara yardım etdikləri müəyyən edilib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, BAPOR-un daha bir neçə əməkdaşı 7 oktyabrda israillilərin qaçırılmasında iştirak etmiş ola bilər.
Qurum agentlik işçilərinin HƏMAS ilə mümkün əlaqələrinə dair istintaqı davam etdirir.
Qeyd edək ki, daha əvvəl BAPOR-un ayrı-ayrı əməkdaşlarının İsrailə hücumda iştirakı ilə bağlı ittihamlardan sonra ABŞ agentliyin maliyyələşdirilməsini dayandırmışdı.
BMT rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edən və terror fəaliyyətində adı hallanan şəxslərlə bağlı daxili araşdırmaların aparıldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






