Novosibirsk zooparkı Qələbə Gününə həsr olunmuş bannerdə oranqutanın şəklini yerləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Novosibirsk şəhərindəki zoopark 9 May – Qələbə Günü münasibətilə hazırlanan bannerdə “Batu” ləqəbli oranqutanın şəklini paylaşıb.
Bu addım şəhər sakinlərinin ciddi narazılığına səbəb olub və sosial şəbəkələrdə kəskin tənqidlərlə qarşılanıb.
Qeyd edək ki, “Batu” adlı bu heyvan əvvəllər də şəhərin gündəmində olub. Bir müddət öncə meriya şəhərin talismanını seçmək üçün səsvermə keçirmişdi.
Rəsmilər sibirlilərin “Sayan” adlı qar bəbirini seçəcəyini gözləsələr də, qırmızı tüklü oranqutan böyük fərqlə qalib gəlmişdi.
Lakin məmurlar Batunun “siyasi karyerasını” qadağan etmişdilər; onlar mer və qubernatorun bir heyvanla müqayisə edilməsini istəmirdilər.
İndi isə oranqutan Qələbə Günü münasibətilə hazırlanan afişalarda görünməklə yenidən qalmaqalın mərkəzində dayanıb.
Sakinlər bu yanaşmanı bayrama qarşı hörmətsizlik kimi qiymətləndirərək narazılıqlarını ifadə ediblər.
Zoopark rəhbərliyi hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verməyib.

Xuraman Etibarlı
İnterpress.az






