Fransada iki yaşlı qız uşağının qanında ölümcül dozada alkoqol aşkarlanıb, uşaq bağçadan sərxoş vəziyyətdə qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Fransanın Senlis şəhərində dəhşətli bir hadisə yaşanıb. İki yaşlı qız uşağı xəstəxanaya ağır alkoqol zəhərlənməsi ilə daxil olub.
Valideynlərin dediyinə görə, onlar uşağı səhər saatlarında bağçaya aparıblar, günorta saatlarında isə bağça əməkdaşları zəng edərək qızın “dayana bilmədiyini və daim yıxıldığını” bildiriblər.
Xəstəxanada həkimlər qızın qanında 2,14 qram alkoqol səviyyəsi aşkar ediblər. Həkimlər uşağın “ölümcül dərəcədə sərxoş” olduğunu bildiriblər.
Uşaq xəstəxanaya yerləşdirilən kimi bağça müvəqqəti olaraq bağlanıb. Bununla belə, ana və uşağın müdafiəsi xidmətinin apardığı yoxlamalar zamanı “hazırkı mərhələdə bağça işçiləri tərəfindən hər hansı pis rəftar və ya qəsdən edilmiş hərəkət” aşkar edilməyib.
İstintaq davam edir, qızın orqanizminə alkoqolun necə daxil olduğu hələ də sirr olaraq qalır.
Xuraman Etibarlı
İnterpress.az






