Vaşinqton Hindistan şirkətini İran qazını gizli yollarla tədarük etdiyi üçün cərimələyib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyi İranın sanksiyalarını pozduğu üçün Hindistanın “Adani Enterprises Limited” şirkəti ilə 275 milyon dollar məbləğində cərimə ilə bağlı razılığa gəlib.
Qurumun məlumatına görə, şirkət Dubaydan olan bir treyderdən mayeləşdirilmiş neft qazı alıb.
Sənədlərdə tədarükün Oman və İraq vasitəsilə həyata keçirildiyi göstərilsə də, OFAC-ın araşdırması nəticəsində məlum olub ki, qaz əslində İrandan gəlib.
Buna baxmayaraq, şirkət əməliyyatları davam etdirib və ABŞ bankları vasitəsilə dollarla ödənişlər aparıb.
Ümumilikdə 192,1 milyon dollar dəyərində 32 tranzaksiya həyata keçirilib.
OFAC hesab edir ki, şirkət tədarüklərin əsl mənşəyini və ABŞ-nin sanksiyaları altında olan İranla bağlı riskləri anlamalı idi.
Tənzimləyici qurum pozuntuların könüllü olaraq açıqlanmadığını qeyd etsə də, şirkətin sonradan vəziyyəti düzəltmək üçün atdığı addımları və istintaqla əməkdaşlığını nəzərə alıb.
Bu cərimə, ABŞ-nin İranın enerji sektoruna tətbiq etdiyi sanksiyalara riayət olunması üçün beynəlxalq şirkətlərə göndərdiyi ciddi bir xəbərdarlıq hesab edilir.
Xuraman Etibarlı
İnterpress.az






