Əfqanıstanda ailələr ağır yoxsulluq üzündən uşaqlarını satmağa məcbur olur.
İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Əfqanıstanda dərinləşən yoxsulluq və işsizlik fonunda bəzi regionlarda ailələr sağ qalmaq və gündəlik xərclərini qarşılamaq üçün çıxılmaz vəziyyətdə qalıb.
Əhalinin həyatda qalmaq üçün uşaqlarını satmaq kimi kəskin tədbirlərə əl atdığı bildirilir.
Qida çatışmazlığı və tibbi yardıma əlçatanlığın məhdudluğu səbəbindən uşaqlar arasında kəskin qida çatışmazlığı (distrofiya) halları kütləvi hal alıb.
Yerli sakinlər sabit iş yerlərinin demək olar ki, tamamilə mövcud olmadığını, bir çox ev təsərrüfatlarının daimi vəsait çatışmazlığı ilə üzləşdiyini qeyd edirlər.
Bu şəraitdə uşaqlar ailələrinə kömək etmək üçün erkən yaşda işləməyə və ya yaşam mübarizəsi aparmağa məcbur qalırlar.
Tibb müəssisələri isə həddindən artıq yüklənmə ilə üzləşib; qida çatışmazlığı və dərman qıtlığı fonunda uşaq ölümü hallarının sayı artmaqdadır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) qiymətləndirmələrinə görə, ölkə əhalisinin əksəriyyəti əsas tələbatlarını belə qarşılaya bilmir, ev təsərrüfatlarının 80 faizindən çoxu isə borc içindədir.
Humanitar yardımların azalması və iqtisadi böhranın dərinləşməsi Əfqanıstandakı vəziyyəti regionun ən ağır humanitar fəlakətlərindən birinə çevirib.
Beynəlxalq ictimaiyyətin Əfqanıstana göstərdiyi yardımın məhdud olması və iqtisadi təcrid ölkədəki humanitar böhranın miqyasını daha da genişləndirir.
Xuraman Etibarlı
İnterpress.az






