Rusiyada bağırsaq infeksiyası ilə xəstəxanaya yatan 11 yaşlı qız İİV və Hepatit C-yə yoluxdurulub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Azov şəhərində tibb sahəsində görünməmiş məsuliyyətsizlik və qanunsuzluq hadisəsinin üstü açılıb.
Xəstəxanaya adi bağırsaq infeksiyası şikayəti ilə yerləşdirilən 11 yaşlı məktəbli qız evə buraxılarkən İnsan İmmunçatışmazlığı Virusu (İİV) və Hepatit C-yə yoluxdurulub.
Uşaq şöbəsində boş yer olmadığı üçün azyaşlı qız böyüklərin ümumi palatasına yerləşdirilib.
Aparılan rəsmi sanitariya araşdırması nəticəsində uşağa yoluxan virusun genetik olaraq həmin palatada yatan digər xəstə qadınla tam üst-üstə düşdüyü müəyyən edilib.
Yoxlamalar zamanı o da məlum olub ki, tibb müəssisəsində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş sistem tıxaclarından gizlicə təkrar-təkrar istifadə edilib.
Həmçinin, həkimlərin məsuliyyətdən qaçmaq üçün uşağın tibbi kartına anasının xəbəri olmadan və imzalamadığı saxta “İİV testindən imtina” sənədi yerləşdirdikləri aşkarlanıb.
Zərərçəkən ailə uşağın bu təhlükəli viruslara yoluxmasından təsadüfən yalnız il yarım keçdikdən sonra xəbər tutub.
Faktla bağlı xəstəxana rəhbərliyinə və məsul tibb personalına qarşı kütləvi cinayət işi başlanılıb, genişmiqyaslı təhqiqat aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






