Saranınskda qadın hormonal iynələrdən sonra sepsisdən ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, 36 yaşlı Kristina oynaqlarındakı ağrılarla bağlı revmatoloqa müraciət edib.
Qadının həyat yoldaşının sözlərinə görə, həkim onun birinci tip diabet xəstəsi olmasına baxmayaraq, “Diprospan” preparatının inyeksiyalarını təyin edib.
İddia olunur ki, tibb işçisi iynələri əlcəkdən istifadə etmədən vurub və eyni iynə ilə qadının ayağını üç dəfə deşib.
Bundan sonra yaralardan maye axmağa başlayıb. Lakin qadına yalnız yaraları antiseptiklə işləmək tövsiyə edilib.
Dörd gün sonra Kristina geniş toxuma nekrozu, fleqmon və sepsis diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub. Klinika barışıq sazişi çərçivəsində ailəyə 1,75 milyon rubl (təxminən 34 min manat) ödəyib.
Daha sonra Kristina vəfat edib. Onun ölümündən sonra ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi açılıb.
Qadının həyat yoldaşı zərərçəkmiş şəxs kimi tanınıb.
Xuraman Etibarlı
İnterpress.az






