Podmoskovye sakini Çin dilində interfeysə görə avtosalondan 7 milyon rubl təzminat alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Podmoskovyedə yaşayan şəxs Çin bazarı üçün nəzərdə tutulan və paralel idxalla gətirilən yeni EXEED RX avtomobili alıb.
5,5 milyon rubla başa gələn avtomobilin multimedia sistemi yalnız Çin dilində işləyib və onu ruslaşdırmaq mümkün olmayıb.
Avtosalon problemi həll edəcəyini vəd etsə də, SIM-kart, lokallaşdırma paketi və müxtəlif tətbiqlər quraşdırıldıqdan sonra interfeysdə heroqliflər qalmaqda davam edib.
Müştəri avtomobili geri qaytararaq pulunu tələb edib, lakin salondan imtina cavabı alıb.
Məhkəmə alıcının tələbini təmin edib. Avtosalondan avtomobilin dəyəri olan 5,5 milyon rubl (təxminən 111 min manat), kredit üzrə hesablanmış faizlərə görə təxminən 170 min rubl (təxminən 3 400 manat), mənəvi zərərə görə 50 min rubl (təxminən 1 000 manat) və 1,5 milyon rubl (təxminən 30 200 manat) cərimə tutulub.
Ümumi məbləğ təxminən 7,2 milyon rubl (təxminən 145 min manat) təşkil edib.
Xuraman Etibarlı
İnterpress.az






