Ute Niklas Almaniya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinə rəhbərlik edən ilk qadın olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Ute Niklas Almaniya Hərbi Dəniz Qüvvələrinin tarixində ilk dəfə qadın zabit kimi freqat komandiri təyin edilib.
O, “Rheinland-Pfalz” freqatının komandanlığını kapitan Benedikt Ayxhorndan qəbul edib. Gəmidə 126 hərbçi xidmət edir.
Niklasın qarşısında təmirdən çıxan freqatı və heyəti tam döyüş hazırlığına gətirmək vəzifəsi dayanır.
O, daha əvvəl “Rheinland-Pfalz” gəmisində birinci zabit kimi xidmət edib, son dövrdə isə Berlin yaxınlığındakı Şvilozeedə Bundesverin xarici əməliyyatlar komandanlığında qərargah zabiti olub.
Almaniyada qadınlara bütün hərbi ixtisaslarda xidmət etmək hüququ yalnız 2001-ci ildə verilib.
Hazırda Bundesverdə 25 mindən çox qadın hərbçi xidmət edir və onlar şəxsi heyətin 13 faizindən bir qədər çoxunu təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az






