Milli Məclisdən İnterpress.az-a verilən məlumata görə, görüşdə O. Əsədov bildirib ki, Azərbaycanla Pakistan qardaş ölkələrdir və onları dostluq telləri bağlayır.
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin məhz Pakistan olduğunu deyən spiker bildirib ki, ötən dövr ərzində əlaqələrimiz daha da genişlənib, dostluq strateji tərəfdaşlıq xarakteri alıb: “Ölkələrimiz arasında bu günədək 30-dək sənəd imzalanıb, 3-ü isə səfər çərçivəsində təsdiqlənib. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir”.
Sədr Milli Məclisdə və Pakistan parlamentinin hər iki palatasında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib və bildirib ki, deputatlar nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparırlar: “Biz BMT-də Pakistanın hər zaman Azərbaycana dəstək verdiyinin şahidiyik. Azərbaycan xalqı Pakistan Senatında 2012-ci ildə Xocalı soyqırımı ilə əlaqədar qəbul olunmuş qətnaməni alqışlayır və bu mövqeyə görə dost Pakistan xalqına öz minnətdarlığını bildirir. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndiririk”.
M. Hüseyn isə Bakıya səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinin, qarşılıqlı səfərlərin mütəmadi xarakter almasının əhəmiyyətini xüsusi vurğulayıb. Pakistan prezidenti ümidvar olduğunu bildirib ki, hər iki ölkədə biznes forumların keçirilməsi iqtisadi əməkdaşlığımıza da öz müsbət təsirini göstərəcək.
M. Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək, Pakistan xalqı adından minnətdarlığını bildirib. O, beynəlxalq təşkilatlarda həmişə olduğu kimi bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəklərini söyləyib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, müavinlər Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Ərəstun Cavadov, ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarov, Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser və digər rəsmi şəxslər iştirak ediblər.
İnterpress.az