Susmağı bacaranlara da heyranam. Elə bir zamanda yaşayırıq ki, danışanlar, həm də danışmaq xətrinə danışanlar çoxalıb. \”Facebook\”un sayəsində. Hamı qəhrəmanlıq edir, amma \”facebook\”da, \”facebook\” qəhrəmanları.
Hamı danışır. Hamıdan səs möhkəm çıxır. Səs gözəldi amma səs var…, səs var…
Boş qazan səsi ilə ney səsi bir olmadığı kimi.
Bir millət vəkili çıxıb danışmaq xətrinə danışarsa müəllimlərə fəhləlik etmək yolu göstərər. Gərəksiz və danışmaq xətrinə danışmaq istərsə biri, belə olar. Əgər danışmaq xətrinə danışmaq olmasaydı indi də dediyi sözü düzəltmək çabası içində olmazdı.
Bəzən deyirik ki, məclisdə danışmayan millət vəkilləri var. İndi anladım ki, belə danışmaqdansa danışmamaqları yaxşıdı. Bildikləri bir şey var imiş. Biz düşünürük ki, danışsalar daha faydalı olarlar amma demək ki, danışmamaqları vətənə və millətə daha xeyirli imiş, bunu anladıq.
Çox danışanın çox səhvi olar misalından yola çıxıb deyirəm ki, lütfən danışa bilmirsizsə danışmayın. Ya da ağıllı görsənmək üçün çox danışıb, insanlara yol göstərərkən iki dəfə düşünün ki, sonra da etdiyiniz səhvlərə müxtəlif donlar geyindirməyəsiniz.
İnanın ki, artıq nə danışdığını bilməyən bir cəmiyyət üzvü olmaq istəmirəm. Bunu sitəm kimi görənlər necə istəyir qəbul etsin. Bunun adı sitəmdirsə bəli, sitəm edirəm.
Cəmiyyət guya fərqli imiş kimi, millət vəkilindən də ultra fərqli birşey gözləyir. Cəmiyyət nədirsə müəllimi də, həkimi də, televiziyası da, mətbuatı da odur. Millət vəkili səhv etdi, amma siz cəmiyyət olaraq indi onun ağzının payını vermək istəyirsiniz guya.
Çox süni və qeyri-səmimisiniz.
Susun bir az artıq. Dilinizə verdiyiniz gücü beyninizə və icraata verin.
Elə bil sabahdan axşama kimi kitab oxuyub, özünüzü inkişafla məşğulsunuz, başqalarında səhv axtarmaq qalıb. Səhvi kimdə axtarırsınız?
Medianı söyürsünüz bütün günü. Demirəm haqsızsınız. Bir aparıcı \”selfie\” çəkdirib – \”artıq idmana başladım\” deməsini – \”Filankəs idmana başladı\”, başlığı ilə flaş xəbər verən media söyülməyə də layiqdir, amma siz də \”biz fərqli cəmiyyətik, belə xəbərlər bizi maraqlandırmır \” deməyin, gülməli görünürsünüz.
Başqasının səhvləri ilə məşğul olmaqdan öz səhvlərimizi düzəltməyə zamanımız yoxdur. Bunu düşündünüz heç?
Sabahdan axşama kimi tele-kanallarımızın verdiyi verilişlərə baxan biz deyilik sanki, Somali ya da Tanzaniya vətəndaşlarıdır. Elə bir xaotik cəmiyyət olduq ki, fələyimizi şaşırdıq. Boşa qoysan dolmur, doluya qoysan daşır.
Yanı uzatmayım, bəzən susmağımız danışmağımızdan daha faydalıdır. Təbii ki, danışmaq hər kəsin haqqıdır, amma danışmaq ha, saçmalamaq yox!
Ramal Hüseynov
İnterpress.az