İnterpress.az-ın AzTV-yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bütün beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib: “Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi məsələsi öz əksini tapıb. Bu ayın əvvəlində mən Bolqarıstanda oldum, orada da strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Həmin Bəyannamədə də eyni cümlələr öz əksini tapıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsas şərtdir: “Əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunsaydı, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir, belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır”.
Dövlət başçısı qeyd edib ki, təmas xəttində son aylar ərzində Azərbaycan tam şəkildə üstünlüyünü təmin edib: “Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
İnterpress.az