Nazir ABŞ səfiri ilə görüşdübackend

Nazir ABŞ səfiri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, qonağı salamlayan nazir onu səfir təyin olunması münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, bu təyinat Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək.

Müstəqilliyin əldə edilməsindən sonra ölkəmizin ABŞ ilə münasibətlərin inkişaflna böyük əhəmiyyət verdiyini diqqətə çatdıran R.Usubov iki dövlət arasıda qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini və onun 1997-ci ilin yayında ikitərəfli münasibətlərin zirvəsi hesab olunan ABŞ-a rəsmi səfərini məmnunluqla xatırladıb. Ulu öndərin ölkəmizin dünyaya inteqrasiyasının, bölgədə lider dövlətə çevrilməsinin, müstəqil siyasət yeritməsinin əsasını qoymuş kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birləşmiş Ştatlarla bütün sahələrdə əlaqələrin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Daha sonra müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın təcavüzünün doğurduğu ağır nəticələr, vətəndaş müharibəsi təhlükəsi, xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və hüquqi-demokratik islahatlar barədə qonağa ətraflı məlumat verilib.

Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

O da qeyd olunub ki, Azərbaycanda kriminogen durmun nəzarət altına alınması, ölkə vətəndaşlarının, xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədilə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülüb.

Xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdıran nazir antiterror koalisiyasında yer alan ölkəmizin bu qlobal bəlaya qarşı birgə mübarizəyə öz töhfələrini verdiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı səmərəli mübarizə aparılması məqsədilə beynəlxalq aləmdə səylərin birləşdirilməsinin zəruriliyini bildirib.

Respublikamızın əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutmasından danışan daxili işlər naziri insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalar nazirliyin rəhbərliyinin birbaşa nəzarəti altında xüsusi qurum tərəfindən araşdırılır, bu zaman pozuntulara yol verən əməkdaşlar ən ciddi şəkildə cəzalandırılır.

Belə ki, son beş ildə bu növ hüquqpozmalara görə 1514 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 108-i tutduğu vəzifədən azad olunub, 95-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 8 əməkdaşın xüsusi rütbəsi aşağı salınıb, 11-i cinayət məsuliyyətinə cəlb olunub, qalanları haqqında digər tədbirlər görülüb.

Səfir R.Sekuta səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Birləşmiş Ştatların cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

İnterpress.az