Azərbaycan Respublikası müdafiə nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, sözügedən hərbi qulluqçuların həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulmaqla müəyyən edilir.
Kompensasiyanın hesablanması və ödənilməsi işinin təşkili məqsədi ilə məsul vəzifəli şəxslərdən yaradılmış komissiyaya aşağıda göstərilən sənədlər təqdim olunur:
– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi (əlavə № 1);
– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun şəxsiyyəti vəsiqəsinin surəti (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itdiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti);
-ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi müvafiq hərbi hissələrdən istifadə edilməmiş məzuniyyət günləri haqqında arayış (əlavə № 2);
– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun vəzifə maaşı, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği barədə arayış (əlavə № 3);
– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi hərbi hissədən şəxsi heyətin siyahısından çıxarılması barədə nizami hissə üzrə əmrdən çıxarış;
– bank hesabı barədə məlumat.
Zərurət olduqda, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun hərbi xidmət keçmə müddəti haqqında məlumatın əldə edilməsi və ya dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrinə müraciət oluna bilər.
Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun təqvim ili ərzində məzuniyyətə buraxılması barədə əmrdə məzuniyyətin növü göstərilmədikdə həmin məzuniyyət növbəti məzuniyyət hesab edilməlidir.
Müvafiq sənədlər itirildikdə, yanğın və s. səbəblərdən məhv olduqda istifadə edilməyən növbəti məzuniyyət günləri hərbi hissənin nizami hissə üzrə əmrlər kitabları, paylama cədvəlləri, attestasiya vərəqələri və digər sənədlər əsasında müəyyən edilməlidir.
Kompensasiyanın hesablanması üçün tələb olunan sənədlərin toplanılması ilə bağlı yazışmanın aparılması yaradılmış komissiyanın vəzifəsidir. Yazışma Müdafiə nazirinin 25 dekabr 2006-cı il tarixli 606 nömrəli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti yazışma və kargüzarlıq haqqında Təlimat”ın tələblərinə uyğun olaraq aparılır.
Kompensasiyanın ödənilməsi barədə daxil olmuş müraciətlər baxılması üçün müvafiq komissiyalara göndərilməlidir. Fəaliyyət prosesində əldə edilmiş sənədlərin müraciət müəlliflərinə verilməsi və ya göndərilməsi qadağandır.
Komissiyaya təqdim olunmuş sənədlər əsasında tərtib edilən protokollar komissiya sədri və üzvləri tərəfindən imzalandıqdan sonra hərbi hissə komandiri tərəfindən təsdiq edilir (əlavə № 4). Protokolların elektron forması 555 nömrəli hərbi hissənin komandirinə göndərilir. Müraciət edən şəxsə protokolla zəruri həcmdə tanış olmaq üçün şəraitin yaradılması məqsədilə xüsusi proqram təminatı hazırlanması və mod.gov.az rəsmi internet səhifəsində yerləşdirilməsi 555 nömrəli hərbi hissənin komandiri tərəfindən təmin edilir.
İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq komissiyanın protokolu əsasında və hərbi hissə komandirinin əmri ilə ödənilir.
1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya Azərbaycan Respublikası vahid büdcə təsnifatının 211100 (Ştatda olan işçilərin əmək haqqı) paraqrafı üzrə ödənilir.
Kompensasiyanın hesablanması və ödənilməsi üçün hazırlanmış protokollar təsdiqedici sənədlərlə birlikdə və kompensasiyanın ödənilməsini təsdiq edən bank reyestri hərbi qulluqçulara pul təminatının ödənilməsi üzrə əsas paylama cədvəlləri üçün müəyyən edilmiş saxlama müddətləri nəzərə alınmaqla ödənişi həyata keçirən hərbi hissənin məxfi hissəsində ayrıca qovluqlarda saxlanılır.
Saxta sənədlər təqdim etmə, yalan məlumat vermə, aldatma sui-istifadə etmə və sair üsullarla istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almağa cəhd etmiş və ya onu almış ehtiyatda və istefada olan hərbi qulluqçular, yaxud bu kompensasiyanın əsassız olaraq ödənilməsi üçün qəsdən və ya ehtiyatsızlıqdan şərait yaratmış fiziki və vəzifəli şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar.
İnterpress.az