Azərbaycanın işğaldan azad olunmuş rayonlarının hər birinin fərqli faciəsi var. Ermənilər rayonlarımızı zəbt edərkən insanlığa sığmayan cinayətlərə yol veriblər. Məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal işğal dönəmində Ağdamda olarkən buranı “Qafqazın Xirosiması” adlandırmışdı.

1993-cü il 23 iyul tarixində Ağdam uğrunda 42 gün davam edən döyüş nəticəsində rayon ərazisinin 73 faizi işğal edilmişdir. Həmin dövrdə minlərlə insan yaralanmış, 6 mindən çox şəhid verilmiş və əhali öz doğma torpaqlarından qovulmuşdur.
Ermənistan işğal dövründə Cenevrə Konvensiyalarına zidd olaraq Ağdam rayonunda sistemli şəkildə etnik təmizləmə həyata keçirmiş, coğrafi adları dəyişdirmiş, mədəni və dini abidələri dağıtmışdır. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr, ictimai binalar və yaşayış məntəqələri tamamilə sökülmüş və talan edilmişdir. Bu cinayətlər Ermənistanın məqsədinin ərazi işğalı və demoqrafik dəyişiklik yaratmaq olduğunu açıq şəkildə göstərir.
27 il sonra Ağdam bir güllə atılmadan azad olundu. Bu o demək deyil ki, ermənilər Ağdamı bizə könüllü, sülh yolu ilə verdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti sayəsində Ermənistan kapitulyasiya aktını imzaladı və işğal etdiyi bütün ərazilərdən çıxacağı öhdəliyini götürdü.
20 Noyabr tarixi Qarabağ müharibəsi dövründə illərlə işğal altında qalan, lakin 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfəri nəticəsində azad edilən Ağdamın yenidən doğuluşunu simvolizə edən bir gündür. Ağdamın azad edilməsi yalnız bir şəhərin deyil, bütöv bir bölgənin, tarixin, mədəniyyətin və milli kimliyin bərpası anlamını daşıyır.
Ağdam şəhəri Azərbaycanın qədim və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. Artıq Ağdamın azad olunduğu 20 noyabr tarixi xalqımız üçün ənənəyə çevrilərək, rəsmi olaraq Ağdam şəhəri günü kimi qeyd edilir. Bu gündə şəhərin tarixi və mədəni irsi anılır, şəhidlərin xatirəsi hörmətlə yad edilir, yenidənqurma prosesinin rəmzi kimi müxtəlif tədbirlər keçirilir, Ağdamın gələcəyi ilə bağlı konsepsiyalar və layihələr təqdim olunur.
20 Noyabr yalnız bir tarix deyil, həm də ümummilli həmrəyliyin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və xalqımızın əzminin təntənəsidir. Dövlət başçısının 2022-ci ildə təsdiqlədiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji inkişaf çərçivəsidir.
Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə genişmiqyaslı tikinti işləri aparılır, yeni yaşayış binaları, məktəblər, körpələr evi, park və yollar inşa olunur. 2025-ci ilin oktyabr ayınadək 825 ailənin – 3318 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilmişdir.
Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir və ölkədə rezident sayına görə ikinci ən böyük sənaye parkıdır. Burada 28 sahibkarlıq subyekti rezident statusu almış, 4 sahibkara isə qeyri-rezident statusu verilmişdir. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir.
Bu gün 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız xatirə tarixi deyil. Bu gün xalqımızın sarsılmaz əzmini, milli ruhumuzu, torpağa sədaqətimizi və dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasını təcəssüm etdirir.
Dağıdılmış şəhərin yenidən qurulması tarixi torpaqlara qayıdışı nümayiş etdirir və işğaldan azad edilmiş ərazilərin sosial, iqtisadi və mədəni potensialının tam reallaşdırılmasına zəmin yaradır. Ağdam yenidən dirçəlir, müasir şəhər standartlarına uyğun inşa olunur və yaxın illərdə Qarabağın iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcək.






