Almaniyanın qərbində banka silahlı basqın edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Almaniyanın Zinsiq şəhərində naməlum şəxslər bank filialına hücum edərək işçiləri girov götürüblər.
Polis ərazini mühasirəyə alıb, şəhər üzərində helikopterlər uçuşlar həyata keçirir.
Şahidlərin sözlərinə görə, hadisə yerli vaxtla səhər saat 9 radələrində baş verib. “Volksbank” bankının filialına zirehli inkassator maşını yaxınlaşıb.
Sürücü avtomobildən düşərkən silahlı bir şəxs ona yaxınlaşaraq onu zorla binanın içərisinə aparıb. Hazırda binanın daxilində girovların saxlanıldığı bildirilir.
Şəhərin mərkəzi giriş-çıxış üçün bağlanıb, bank binası polis tərəfindən mühasirəyə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirilir.
Polis əhalini təhlükəsizlik məqsədilə hadisə yerindən uzaq durmağa və əraziyə yaxınlaşmamağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






