Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
İnterpress.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı:
– Hörmətli Emoməli Şaripoviç.
Əziz dostlar.
Əziz qonağımız, Azərbaycanın böyük dostu, qardaş Tacikistanın Prezidenti Emoməli Şaripoviç Rəhmonu qəbul etmək bizim üçün böyük şərəfdir.
Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.
İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.
Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.
Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.
Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.
Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.
Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə – həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının – SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, – hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, – əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.
Hörmətli Emoməli Şaripoviç, bir daha Sizi səmimiyyətlə salamlayıram. Dəvətimi qəbul etdiyinizə və dövlət səfərinə gəldiyinizə görə təşəkkür edirəm. Qardaş Tacikistanın xalqına Sizin rəhbərliyinizlə yeni qələbələr arzulayıram. Təxminən 20 il ərzində Tacikistana səfər edən bir şəxs kimi hər dəfə irimiqyaslı dəyişikliklərin, iqtisadi, sosial inkişafın, şəhərsalma sahəsində uğurların şahidi oluram. Hər dəfə Düşənbədə olarkən şəhərin necə gözəlləşdiyini, onun sakinlər və qonaqlar üçün rahat olduğunu görürəm. Buna görə də bir daha bütün nailiyyətlər münasibətilə təbrik edirəm. Sizə və qardaş tacik xalqına yeni uğurlar arzulayıram.
***
13:20
Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon mayın 23-də mətbuata bəyanatlarla çıxış ediblər.
***
13:00
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.