Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
İnterpress.az xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır.
Bundan başqa, Məcəlləyə aşağıdakı məzmunda yeni maddə əlavə edilib:
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər
1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
2. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir.
3. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
4. Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilmir. Bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil edilir.
5. Tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən hədd müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq hesablanır.
6. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət və 5-ci hissəsinə əsasən hesablanan tikintinin yol verilən hədləri yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə tətbiq olunur.
7. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün bu maddənin 1-ci hissəsində müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstərilir.
8. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürülür.
9. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir.