Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə İstanbul şəhərində VHP Qadınlar Şurasının sədri, gənc şair Aysel Xanlarqızının Türkiyədə yeni çap olunmuş “Sən gəldin” adlı şeirlər kitabının ziyalıların, gənc tələbələrin və ədəbiyyat sevərlərin iştirakı ilə təqdimatı və imza günü keçirilib. Türk Ədəbiyyatı Vəqfinin başqanı, tanınmış şair Serhad Kabaklı açılış çıxışı edib, müəllifi təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra Türk Ədəbiyyatı Vəqfinin yazı işləri müdiri Səadət Örməçi Aysel Xanlarqızı haqqında iştirakçılara geniş məlumat verib. Ənvər Uğur Aykol isə müəllifin yaradıcılığı və şeirləri haqqında çıxış edib, şairin ədəbi fəaliyyətindən danışıb.
Sonda “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı və kitabın tərcüməçisi İmdat Avşar kitab və müəllif haqqında danışıb, Aysel xanımın Azərbaycan ədəbiyyatında sevilən imzalardan biri olduğunu deyib.
Aysel Xanlarqızı bu unudulmaz günün keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildirdi. Şairə Türk Ədəbiyyatı Vəqfi adından “Ahmet Kabaklı adına edebiyyat mükafatı” təqdim olunub.
Tədbirin sonunda iştirakçılara imzalı kitab hədiyyə edilib.