Bu gün Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri öz işinə başlayıb.
İnterpress.az xəbər verir ki, sərgi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayıb. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə və şirkətləri yer alıb.
Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.
“Caspian Agro” ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunurlar.
“InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim edilir.
Sərgidə ilk dəfə olaraq “Agro Hackathon” müsabiqəsi keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri mayın 17-dək davam edəcək.