BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”backend

BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya misligörünməmiş ekoloji təhlükə ilə qarşı qarşıyadır. Bu vəziyyət indiki və gələcək nəsillər üçün real təhlükə yaradır və jurnalistlər iqlim dəyişikliyi, qlobal çirklənmə haqqında ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayırlar”.

İnterpress.az bildirir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 3 May – Dünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Antonio Quterreş hazırkı qlobal ekoloji böhran kontekstində jurnalistikanın və ifadə azadlığının roluna diqqət çəkib.

O qeyd edib ki, iqlim dəyişikliyini, qanunsuz mədənçilik fəaliyyətini, iqlim miqrasiyasını, brakonyerliyi, meşələrin qırılması kimi aktual problemləri işıqlandıran mətbuat nümayəndələri bir çox maneələr və çətinliklərlə üzləşirlər.

“Jurnalistlərin apardıqları araşdırmaların nəticəsində insanlar planetimizin acınacaqlı vəziyyətini anlamağa başlayır, səfərbər olur və müsbətə doğru dəyişiklik etmək üçün hərəkətə keçir. Həmçinin mətbuat işçiləri ətraf mühitin pisləşməsini sənədləşdirir. Onlar ekoloji vandalizmin sübutlarını təqdim edir ki, bu da günahkarları ədalət mühakiməsinə çəkməyə kömək edir”, – deyə BMT baş katibi vurğulayıb.

Antonio Quterreş çıxışında media azadlığı təhlükə altında olduğunu, ekoloji jurnalistikanın isə getdikcə daha təhlükəli peşəyə çevrildiyini vurğulayıb.