Dağıstanlı şahmatçı yarış zamanı rəqibini civə ilə zəhərləməyə çalışıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Şimali Qafqaz Federal Dairəsinin şahmat üzrə çempionu Əminə Abakarova avqustun 2-də Mahaçqalada keçirilən yarış zamanı rəqibi Umayqanat Osmanovanı zəhərləməyə cəhd edib.
Müşahidə kameralarına düşən görüntülərə görə, şahmatçı turnirin başlamasına az qalmış yarış zalına girib və Osmanovanın oynadığı stolun üzərinə naməlum maddə töküb.
Oyun başlayanda Osmanova özünü pis hiss edib. Turnirin təşkilatçıları civə aşkar edərək polisə zəng vurublar. Lakin Osmanova oynamağa davam edib, hətta mükafat da qazanıb.
Hazırda polis sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə araşdırma aparır. Abakarova həbs olunmazdan əvvəl rəqibindən qisas almaq istədiyini bildirib. İdmançının motivləri təhlükəsizlik qüvvələri tərəfindən dəqiqləşdirilir.
Hadisə ictimailəşəndən sonra Rusiya Şahmat Federasiyası zəhərləyən şahmatçının təşkilatın himayəsi altında keçirilən bütün yarışlardan kənarlaşdırıldığını elan edib.
Xuraman Etibarlı
İnterpress.az