Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamına əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.
Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edildikdən sonra ölkənin siyasi elitası da artıq bu kampaniyaya start verib. Partiyalar özlərinin namizədlərini müəyyənləşdirməyə başlayıblar.
İnterpress.az xəbər verir ki, iqtidar komandası növbədənkənar parlament seçkilərinə əvvəlki dövrlə müqayisədə daha ciddi hazırlaşır. YAP artıq öz namizədlərini saf-çürük etməyə başlayıb. Etibarlı mənbənin saytımıza bildirdiyinə görə, ölkənin hakim partiya budəfəki siyahısında xeyli dəyişikliklər edəcək.
Mənbə ötən 4 ildə etimadı doğrultmayan YAP-çıların yola salınacağını deyib. Onun sözlərinə görə, deputat mandatı ilə vidalaşacaq şəxslərin siyahısında gənc deputatların adı daha çox hallanır. Hakimiyyət Parlamentin nifuzlu və dinamik şəxslərdən formalaşmasında maraqlıdır.
Belə şəxslərdən biri də 66 saylı Biləsuvar seçki dairəsindən YAP-ın namizədi olmuş Bəhruz Məhərrəmovdur.
Bəhruz Məhərrəmovun səsləndirdiyi anlaqsız fikirlərin xalq tərəfindən aqressya ilə qarşılanması, ictimai rəydə YAP-ın nifuzuna zərbə vurması, deputatın şəxsi düşüncələrinin anti-milli qüvvələr tərəfindən parlamentin mövqeyi kimi təqdim olunaraq YAP-ın və Parlamentin hədəfə alınması Bəhruz Məhərrəmovun deputat mandatı ilə vidalaşması ilə nəticələnib.
Hakim partiya rəhbərliyi Bəhruz Məhərrəmova dəfələrlə xəbərdarlıq edərək çıxışları və müsahibələri zamanı ehtiyatlı olmağı, parlamentin nifuzuna zərbə vuracaq sözlər deməməsini tapşırsa da, deputat səriştəsizliyindən və ya düşünülmüş şəkildə təmsil etdiyi partiyanı və Parlamenti öz çıxışları ilə nifuzdan salmağa davam edib.
Deputatın xalq hərəkatı haqda dedikləri son sözlər isə ictimai etirazla yanaşı hakim partiyada da qəzəb doğurub.
Partiya rəhbərliyi artıq onunla vidalaşmaq qərarına gəlib. Bəhruz Məhərrəmovun yola salınması ilə bağlı siyasi qərar verilib.
Qeyd edək ki, bir neçə il bundan öncə Bəhruz Məhərrəmov haqqında parlamentin İntizam komissiyası töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul eləmişdi.