Erməni terrorçu, quldur və əli azərbaycanlıların qanına bulaşmış fransalı jurnalist, Leo Nikolyan Ermənistana buraxılmadığına görə, “Zvartnots” hava limanında aclıq aksiyası elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, erməni əsilli fransız jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb.
O, İrəvanın “Zvartnots” hava limanında aclıq aksiyası elan edib.
“Nə qədər insan məni təyyarəyə minib pulsuz qayıtmağa razı salsa da, Ermənistanı tərk etməyəcəyəm. Mən burada, “Zvartnots” hava limanının pasport ofisində aclıq aksiyası elan edirəm”, – Nikolyan deyib.
Onun Ermənistana giriş qadağasının səbəbi açıqlanmır.
O, hava limanında lentə alınan videomüraciətində “Ola bilsin ki, Voskepardakı (Əskipara – red.) hadisələri işıqlandırdığım, Voskepara baş çəkdiyim üçün mənə giriş qadağan edilib” deyib.
Nikolyan azərbaycanlılara qarşı törədilən qətliamlarda iştirakını etiraf edib.
“Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm və yaralanmışam, bundan sonra uzun müddət Ermənistanda yaşamışam”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az