“Biz müttəfiqlərimizi itiririk və yenilərini qazanmırıq. Bu, macəradır, suverenlik uğrunda mübarizə deyil”.
İnterpress.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan müxalif deputat İşxan Saqatelyan Yeqnadzorda vətəndaşlarla görüşü zamanı bildirib.
“Paşinyanın siyasəti nəticəsində biz müttəfiqlərimizi itiririk və yenilərini qazanmırıq.
Xarici siyasət vektorunu dəyişək və Qərb bizim təhlükəsizliyimizi təmin edəcək” diskursu əsassızdır.
Qərb açıq şəkildə deyir ki, mən sizin təhlükəsizliyinizi təmin edə bilmərəm”, – Saqatelyan vurğulayıb.
Saqatelyanın fikrincə, real imkanları dəyərləndirməklə və müttəfiqlərlə qarşılıqlı əlaqədə olmaqla təhlükəsizlik məsələlərini həll etmək olar.
“Rusiya ilə bir çox həll olunmamış problemimiz var. Lakin bizim strateji tərəfdaşlıq bəyannaməmiz də var. Bizim münasibətlərimizi bərpa etmək və tənzimləmək, təhlükəsizliyimizlə bağlı məsələləri qarşılıqlı etimad şəraitində həll etmək üçün bir sıra imkanlarımız var.
Bizim İranla da çoxlu imkanlarımız var. İran İslam Respublikası dəfələrlə və çox birbaşa bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü onun üçün qırmızı xəttdir”, – Saqatelyan qeyd edib.
“Ermənistan” fraksiyasının deputatı öz qənaətini bildirib ki, Paşinyan hakimiyyəti Rusiya və Qərbin regionda maraqlarına qarşı çıxaraq qumar oynayır, Ermənistanı geosiyasi münaqişələrə cəlb edir.
“Ermənistana Aİ üzvü kimi müşahidəçi statusunun verilməsi ilə bağlı yalnız bir müzakirə olub. İndi bu yolla getsək, 20 il çəkəcək və bu vəziyyətdə dövlət olmayacaq. Bizim ciddi təhlükəsizlik problemimiz var.
Bu bir macəradır, suverenlik uğrunda mübarizə deyil. Bu gün onlar rusları Ermənistanın suverenliyinə “təhdid”ə çeviriblər,. Lakin Azərbaycan və Türkiyə haqqında heç bir sərt söz yoxdur. Rusiya haqqında nə istəyirlərsə deyirlər”, – Saqatelyan deyib.
Xuraman Etibarlı
İnterpress.az