Gömrük qaydaları sərtləşdirildi: Mal gətirilməsi proseduru nə zaman asanlaşacaq?backend

Gömrük qaydaları sərtləşdirildi: Mal gətirilməsi proseduru nə zaman asanlaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu həftədən etibarən şəxsi istifadə üçün Azərbaycana mal gətirilməsi qaydası sərtləşdirilib.

Belə ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Bu dəyişikliklər elan olunan gündən müxtəlif ekspertlər, millət vəkilləri, sahibkarlar qərarın mənfi və müsbət tərəflərini müzakirəyə çıxarıblar.

Qərarı müsbət tərəfdən qiymətləndirən şəxslərin fikrinə görə, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib. Lakin, istənilən halda yeni qaydaların icra olunması sahəsində vətəndaşların rahatlığının təminatı əsas məqsəd olaraq qalmalıdır.

Əks fikir səsləndirənlər isə əsas arqument kimi bir sıra malların Azərbaycanda daha baha olması və ölkə xaricindən sifariş olunmasının daha sərfəli olmasını bildirirlər.

Müxtəlif məhsulların qiymət fərqi ilə bağlı infoqrafika hazırlanıb:

Belə ki, əgər əvvəl vətəndaşlar xaricdən müxtəlif daşıyıcalar vasitəsilə gətirdikləri 1 000 ABŞ dolları dəyərində məhsullar üçün əlavə gömrük rüsumu ödəmədikləri halda indi bu limit 300 dollara və birdəfəlik qaydada olacaq. Nəticədə, misal üçün 350 dollarlıq bir məhsul sifariş edən şəxs (nəzərə alaq ki, texnika və bəzi geyim əşyaları üçün bu məbləğ elə də çox deyil) bağlamanı götürmək üçün əvvəlki kimi daşıyıcı şirkətin ofisinə deyil, əlavə 50 ABŞ dolların rüsumunu ödəmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportundakı terminala gəlməlidir.

Bəs burada vətəndaşı nə gözləyir? Şəxsiyyətini təsdiq edən sənədi təqdim edib birka götürdükdən sonra digər şöbəyə sənədləşmə üçün göndərilir, burada beş manat dövlət rüsumu olan müəyyən sənədlər hazırlanır, həmin sənədlərlə digər şöbəyə göndərilir, burada malın anbarda qalma günləri hesablanaraq 30-50 manat. Vay o gündən ki, nəsə sifariş edəndən sonra ölkədən çıxmısınız və ya dünyanı cənginə alan koronavirusa yoluxub bir aya qədər sosial izolyasiya şərtlərinə əməl etməlisiniz – bu halda anbarda qalma müddətinə görə ödəniş bir neçə 100 manatı ötə bilər.

Anbara görə ödənişi etdikdən sonra məhsulun əlavə dəyəri üçün tətbiq olunan 36 faizlik rüsumun ödənilməsi üçün digər şöbəyə yönləndirilir. Bu prosedurları keçmiş şəxslərin “Report”a verdiyi məlumata görə, bütün bu işlər üçün bəzən aeroportda 7-8 saata qədər vaxt itirmək lazımdır. Avtomobili dayanacaqda saxlamağın xərci də öz yerində… Digər tərəfdən, nəzərə alsaq ki, bütün prosedurlar iş saatlarında həyata keçirilməlidir, bağlama götürmək üçün gedən şəxslər faktiki olaraq iş saatlarını itirirlər.

Beləliklə, cüzi məbləğdə əlavə dövlət rüsumunun ödənilməsi üçün həm bütün günü itirmək, həm xeyli əlavə xərc çəkmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən müxtəlif daşıyıcı şirkətlərin təqdim etdiyi rahat çatdırılma fonunda bu cür çətin prosedurların keçirilməsi şərti ilə qəbul olunan qərar vətəndaşlar arasında narazılığa səbəb olub. Halbuki, istənilən kiçik daşıyıcı şirkətin asanlıqla onlayn formada qurduğu xidmətin dövlət komitəsi tərəfindən də göstərilməsi insanların işini asanlaşdıra bilər.

Bununla belə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri Gömrük Postunun rəisi Üzel Gülmalıyev “Report”a açıqlamasında bildirib ki, hazırda Komitə yeni innovativ layihələr reallaşdırmaqdadır:

“Bu istiqamətdə sürətli işlər aparılır. Yaxın zamanda gömrük orqanlarının vahid portal şəklində fəaliyyət göstərən yeni bir proqram təminatı vətəndaşlarımızın istifadəsinə veriləcək. Bu proqram təminatının üstünlüyü odur ki, vətəndaşlar gömrük ödənişlərini gömrük orqanına yaxınlaşmadan tam onlayn qaydada həyata keçirə biləcək. Burada rəhbər tutulan əsas prinsiplərdən biri vətəndaş məmur təmasının aradan qaldırılmasıdır. Sözügedən proqram təminatı bir növ gömrük orqanlarının vətəndaşlara rahatlıqla bağlı verdiyi yeni fürsətdir. Bununla vətəndaşlar əvvəlcədən öz bağlamalarını gömrük orqanlarına tam elektron qaydada rəsmi şəkildə bəyan edə biləcək və əgər ödəniş nəzərdə tutulursa, ödəmə şansı əldə edəcəklər”.

İnterpress.az