Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülürbackend

Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan müxalifətinin paytaxt Tbilisinin Rustaveli prospektində-parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür.

İnterpress.az xəbər verir ki, söküntü işlərini Tbilisi meriyası həyata keçirir.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən narazı olan müxalifət bir neçə gündür burada etiraz aksiyaları keçirir. Mitinq üçün ərazidə yerləşdirilən avadanlıqlar da götürülür.

Buna baxmayaraq, müxalifət aprelin 18-də saat 19:00-da “Rusiya hökumətinə yox – Rusiya qanunlarına yox” şüarı ilə yenidən etiraz aksiyası təşkil edəcək.

“Etiraz dayandırılmamalıdır. Bu gün saat 19:00-da parlamentin qarşısına toplaşırıq və nəticə əldə edənə qədər davamlı mübarizəmizi davam etdirəcəyik. Layihənin ikinci və üçüncü oxunuşda müzakirəsini gözləməyə vaxt yoxdur”, – təşkilatçıların bəyanatında bildirilib.

Qeyd edək ki, ölkə parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib.

Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl zalda ayrıca iclas keçirməyə cəhd göstərib. Buna görə, parlamentin spikeri Şalva Papuaşvili toplantıda fasilə elan edib. Bundan sonra da müxalif “Strategiya Aqmaşenebeli” Partiyasının lideri Georgiyadze, “Vahid Milli Hərəkat” Partiyasının sədri Levan Xabeişvili, eləcə də partiya liderlərindən biri Tina Bokuçava zaldan çıxarılıb. Ona görə də müxalifət səsverməni boykot edib.

Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.

Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə göndəriləcək.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir./Report