Hər bir xalqın, ailənin, insanın özünün müəyyən dəyərlər sistemi və əxlaq normaları var. Təbii haldır ki, biz gündəlik həyatımızda, sosial mühütdə müxtəlif dəyərlər sisteminə, əxlaq normalarına sahib olan, bizim dəyərlər sistemimizdən və əxlaq normalarımızdan fərqli insanlarla rastlaşa bilərik. Və bizim onlara bunu hər hansı bir təhqir və ya kobud şəkildə etiraz etməyimiz düzgün deyil.
Bu fikirləri dünən paytaxt mağazalarının birində geyiminə görə mal satılmayan və qovulan qıza qarşı kobud davranışı şərh edən psixoloq Fidan Azərqızı İnterpress.az-a açıqlamasında bildirib.
Psixoloqun fikrincə, fərqli geyimi, yaxud həyat tərzi olan insanlara qarşı cəmiyyətin təpkisi təhqir şəklində yox, lazım gələrsə, hüquqi çərçivədə olmalıdır.
“Fərqli geyimi, yaxud həyat tərzi olan insanlara etirazımızı hər hansı bir təhqir və ya kobud şəkildə bildirməyimiz düzgün deyil.
Çünki biz qarşıdakı insanı təhqir edərək, cəmiyyət içərisində onu alçaldaraq, hər hansı bir psixoloji vəziyyətini bilmədən daha böyük zərər yetirə bilərik.
Təbii ki, hər hansı bir insan ailəsinə, çevrəsinə öz dəyərlər sistemindən, əxlaq normasından ziyan vurduğunu düşünürsə, bunu mütləq hüquq çərçivəsində həll etməlidir.
Bunun üçün bizim hüquqlarımız var, biz bu şəkildə müraciət edə bilərik və bu, onunla tənzimlənə bilər. Çünki qeyd etdiyim kimi, biz qarşıdakı insanın hansı psixoloji vəziyyətdə olduğunu və yaxud etdiyimiz təpkinin ona necə təsir edəcəyini bilmirik”, – deyə psixoloq fikirini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az