Blaqoveşenskdə tərbiyəçi işdən tez çıxmaq üçün uşaq bağçasını “minalayib”.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Blaqoveşensk şəhərində çalışan tərbiyəçi işdən tez çıxmaq üçün qeyri-adi və qanunsuz bir üsula əl atıb.
O, yeni SİM kart alaraq “Tvoyə sudba” (Sənin taleyin) ləqəbi ilə mesajlaşma proqramında hesab yaradıb və həmkarına “Minalanıb”, “45 dəqiqə qaldı” kimi mesajlar göndərib.
Bu mesajdan dərhal sonra bağça əməkdaşları polisə məlumat verib, uşaqlar və işçi heyəti binadan təxliyə edilib. Tərbiyəçi isə istədiyi kimi işdən tez evə gedə bilib.
Lakin onun bu “sevinc”i uzun sürməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində tərbiyəçinin kimliyi tezliklə müəyyən edilib.
İndi qadın etdiyi bu əmələ görə 100 min rubl (təxminən 1 850 manat) məbləğində cərimə ödəməli olacaq.
Hazırda tərbiyəçinin işdən azad edilib-edilməyəcəyi barədə məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az






