Netanyahunun “soyqırımı” ŞOUSU: Türkiyə və İsrail arasında uçurum dərinləşir – ŞƏRHbackend

Netanyahunun “soyqırımı” ŞOUSU: Türkiyə və İsrail arasında uçurum dərinləşir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu rəsmi şəkildə erməni, assuriyalı və yunan soyqırımlarını tanıyıb. Netanyahunun bu bəyanatını dünya üzrə erməni, assuriyalı və yunan icmaları yüksək qiymətləndirsələr də, Türkiyə ilə onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.

Mövzunu İnterpress.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Netanyahunun bu addımı onun çətin vəziyyətdə qaldığına işarədir və Türkiyə ilə pozulan münasibətləri geridönməz hala gətirib çıxaracaq.

“İsrail baş nazirinin bu addımı, təbii ki, Türkiyəyə qarşı yönəlib və çoxdandır ki, bu barədə müzakirələr gedirdi. İsrail cəmiyyəti daxilində uzun müddət idi ki, müzakirələr aparılırdı. Yəni İsrailin ermənilərin iddialarını təsdiq etməsi məsələsi İsrail tərəfində gündəmdə idi.
Baxın, bu gün Ermənistan bu məsələdən geri addım atmağa çalışır. Paşinyanın bu mövqeyi Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə yönəlib.

Ermənistan və Ermənistanda yaşayanlar qeyd olunan “genosid”in geri götürülməsini istəyirlər və bu istiqamətdə addımlar atırlarsa, İsrailin və xüsusən də İsrailin baş naziri Netanyahunun bu hərəkəti gülünc və hesab edirəm ki, acınacaqlıdır. Və bu, əlbəttə ki, Türkiyənin Qəzza və ümumiyyətlə Fələstinlə bağlı mövqeyi ilə bağlıdır.

Heç şübhəsiz, Netanyahunun bu addımı və qeyd olunan hadisələri “soyqırım” kimi tanıması Türkiyə ilə münasibətləri daha da gərginləşdirəcək və geridönməz hala gətirib çıxaracaq.
Düşünürəm ki, nə vaxtsa Benyamin Netanyahunun bu addımını düzəltmək üçün uzun müddət mübarizə aparmaq lazım gələcək.

Təbii ki, heç xoş olan hal deyil və bu, İsrail baş nazirinin çətin durumda olduğuna işarə edən bir addımdır.
Həqiqətən, Türkiyə İsrailin Fələstində, Qəzzada tərətdiyi əməlləri beynəlxalq tribunalardan tənqid edir və görünən odur ki, Türkiyənin atdığı addımlar – İsraili tənqid etməsi, onu qətliam törətməkdə günahlandırması öz rolunu oynayıb.

Mən hesab edirəm, Türkiyə bundan sonra daha da şiddətli şəkildə etdikləri hərəkətlərə görə qınayacaq və uzun müddət lazım gələcək ki, Türkiyə-İsrail münasibətləri müsbət tərəfə qədəm qoysun.