Ermənistan İstintaq Komitəsi Paşinyanı hədələmə və qətlə hazırlıq faktı ilə bağlı cinayət işi başladıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Ermənistan sosial şəbəkələrində maskalı və silahlı şəxslərin Baş nazir Nikol Paşinyanı hədələdiyi video yayılıb.
Videonun müəllifləri hökumət başçısı ilə “haqq-hesab çəkəcəklərini” və onu “ləğv edəcəklərini” (öldürəcəklərini) bəyan ediblər.
Bu faktla bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi açılıb.
Həmin şəxslər həmçinin kompüterləri sındırmaqda, “ictimai istifadə üçün nəzərdə tutulmayan məlumatları” oğurlamaqda və odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində ittiham olunurlar.
Nikol Paşinyan yayılan videoya reaksiya verərək, həmin şəxsləri “sümükləri hələ bərkiməmiş uşaqlar” adlandırıb və maskalarının cırılacağını bildirib.
Hazırda hüquq-mühafizə orqanları videodakı şəxslərin müəyyən edilməsi və saxlanılması üçün intensiv əməliyyat tədbirləri həyata keçirir.
Xuraman Etibarlı
İnterpress.az






