Qarabağa təşkil edilən müntəzəm avtobus reyslərinin sayı açıqlanıbbackend

Qarabağa təşkil edilən müntəzəm avtobus reyslərinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.

Məlumata görə, 8 588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Sərnişinlərdən 5 955-u Şuşaya səfər edib. Onlardan 3 376 nəfəri Bakı – Şuşa – Bakı, 2 579 nəfəri isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 2 633 sərnişin səfər edib. Onlardan 1 254 nəfəri Bakı – Ağdam – Bakı, 1 379 nəfəri isə Bərdə – Ağdam – Bərdə reysi ilə gedib.

130 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.

Qeyd edək ki, Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-də Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu həyata keçiriləcək.

Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.