Rusiya – Ukrayna müharibəsi: “Tərəflərdən heç birinə qalib gəlmək imkanı verilməyəcək” – ŞƏRHbackend

Rusiya – Ukrayna müharibəsi: “Tərəflərdən heç birinə qalib gəlmək imkanı verilməyəcək” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya – Ukrayna müharibəsi əvvəlki qayda ilə davam edir. Yəni müharibənin dayandırılması və ya atəşkəsin əldə olunmasından daha çox bu və ya digər tərəfin hücum əməliyyatları, raket və dron zərbələri barədə məlumat verilir. Bəzən adama elə gəlir ki, sülh, vasitəçilərin fəaliyyəti, danışıqlar kimi məfhumlar yaddan çıxıb.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin hansı mərhələdə olması barədə İnterpress.az-ın suallarını cavablandıran politoloq Əlimusa İbrahimov səsləndirib.

Politoloq bildirib ki, ABŞ-nin Ukraynaya münasibəti Rusiyanı üstün vəziyyətə gətirib.

“ABŞ tərəfindən Ukraynaya silah və sursat verilməsinin və maliyyə yardımının 6 aydan artıq gecikdirilməsi cəbhədə öz sözünü deyib. Rusiya vəziyyətdən istifadə edərək cəbhədə üstünlüyü əldə edib. Rusiya hücumdadır və addım-addım Ukrayna ərazisində irəliləməkdə davam edir.

Ukrayna isə ABŞ və digər NATO ölkələrindən son günlərdə aldığı silahlar hesabına vəziyyəti öz xeyrinə dəyişməyə və ya ən azından Rusiyanın hücumunun qarşısını almağa çalışır. Böyük ehtimalla silah tədarükü artdıqca Ukrayna Silahlı Qüvvələri buna nail olcaq. Rusların cəbhə xətti boyunca irəliləməsinin qarşısı alınacaq. Amma onun əks hücuma keçərək rus ordusunu geri oturdulması barədə danışmaq hələ tezdir.

Buna gəlib çatmamış yenidən silah və sursat çatışmazlığı yaransa, ruslar yenidən hücuma keçəcək. Yəni Ukrayna ordusunun yaxın illərdə fasiləsiz silah və sursatla tam təchiz edilməsindən söhbət gedə bilməz. Çünki onu silahlandıran tərəflər özləri belə bu sahədə ciddi problemlərlə üzləşirlər”, – Əlimusa İbrahimov vurğulayıb.

O əlavə edib ki, bu müharibədə qalib tərəf olmayacaq.

“Nəticə çıxarsaq, müharibənin hələ uzun müddət beləcə davam edəcəyini söyləmək mümkündür. Nə Rusiya, nə də Ukrayna tam qələbə çalmadan döyüş aparacaqlar. İran-İraq müharibəsində olduğu kimi. Tərəflərdən heç birinə qalib gəlmək imkanı verilməyəcək. O vaxta qədər ki, müharibə aparan tərəflər onların üzərindən böyük oyunlar aparıldığını başa düşsünlər. Bu nə zaman olacaq, məlum deyil. Hələlik isə qarşılıqlı hücumlar davam edir”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az