Almaniyalı turist şezlonqa görə təzminat qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın Hannover Məhkəməsi məlumat yayıb.
Almaniyadan Yunanıstanın Kos adasına istirahətə gedən ailə oteldə yaşanan şezlonq problemi səbəbindən məhkəməyə müraciət edib.
Turistlərin iddiasına görə, onlar hər səhər saat 06:00-da duraraq yarım saatlıq “şezlonq marafonu”na çıxmalı olublar. Lakin hovuz kənarındakı yerlər çoxdan digər turistlər tərəfindən dəsmallarla “zəbt” edildiyi üçün şezlonq tapa bilməyiblər.
Bu vəziyyətdə uşaqlar yerə uzanmağa məcbur qalıblar və 7100 avro (təxminən 13 135 manat) ödəyərək getdikləri istirahət gözlədikləri səviyyədə olmayıb.
Turistlər turoperatoru otelin bu cür “bron” qaydalarına göz yumduğu üçün günahlandırıblar.
Hannover məhkəməsi turistlərin mövqeyini dəstəkləyərək, turoperatorun müştərilərə adekvat şərait (yetərli sayda şezlonq) təmin etməli olduğunu və səhər tezdən “marafon” keçirilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Məhkəmənin qərarı ilə əvvəlcə 350 avro, daha sonra isə yekun olaraq 987 avro (təxminən 1826 manat) məbləğində təzminat ödənilməsinə hökm edilib.
Xuraman Etibarlı
İnterpress.az






