Qırğızıstanın Soros Fondu respublikada fəaliyyətini dayandırır.
İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, təşkilatın bütün Mərkəzi Asiya üzrə fəaliyyətinə nəzarət edən Soros-Qırğızıstan Fondu xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar respublikada fəaliyyətini dayandırır.
“Fond Qırğızıstan vətəndaşları tərəfindən idarə olunur, lakin xaricdən maliyyə alır və bu, istər-istəməz yeni qanunvericilik məhdudiyyətlərinə məruz qalacaq”, – təşkilatın bəyanatında deyilir.
Vurğulanıb ki, Fond 30 illik fəaliyyəti dövründə ölkədə müxtəlif layihələrin dəstəklənməsi üçün 115 milyon dollara yaxın vəsait ayırıb.
2023-cü ilin oktyabrında Qırğızıstanın Qanun və Qayda Komitəsi “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Bir sıra hüquq müdafiəçiləri qanun layihəsini Rusiyada xarici agentlər haqqında qanunun analoqu adlandırıblar. Və Blinken Japarova məktub göndərərək, sənədin qəbul ediləcəyi təqdirdə qeyri-hökumət təşkilatlarının mülki və cinayət cəzalarına səbəb olacağından narahatlığını ifadə edib.
Aprelin 2-də Qırğızıstan prezidenti Japarov yuxarıda göstərilən qanunu imzalayıb.
Xuraman Etibarlı
İnterpress.az