Türk Birliyinə daha bir TÖHVƏ: Azərbaycan–Qırğızıstan müttəfiqliyi – Tənzilə Rüstəmxanlı yazırbackend

Türk Birliyinə daha bir TÖHVƏ: Azərbaycan–Qırğızıstan müttəfiqliyi – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı, Orata Asiya ölkələri ilə inteqrasiyanı gücləndirir, münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Xüsusilə tarixi Qarabağ Zəfərindən sonra əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sürətlə inkişaf etməsi region dövlətlərinin düşünülmüş və uzunmüddətli strateji seçimidir.

media-whatsapp-image-2025-12-17-at-21-04-54

Azərbaycan – Mərkəzi Asiya əməkdaşlığı artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz. Bu əməkdaşlıq Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının əsas sütunlarından birinə çevrilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı da məhz bu strateji xəttin davamı kimi qiymətləndirilir.

Azərbaycanın platformadakı əsas üstünlüyü onun coğrafi mövqeyidir. Ölkə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin əsas halqası hesab olunur. Əməkdaşlıq yalnız nəqliyyatla məhdudlaşmır. Məşvərət Görüşünün gündəliyi kifayət qədər genişdir.

Burada nəqliyyat və logistika ilə yanaşı enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya, su ehtiyatlarının idarə olunması, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, investisiya layihələri, iqlim dəyişiklikləri, humanitar əməkdaşlıq, elm, təhsil və Türk dünyasının inteqrasiyası da əsas müzakirə mövzuları sırasında yer alır. Bu baxımdan platforma artıq təkcə siyasi dialoq mexanizmi deyil, Avrasiya məkanında yeni regional əməkdaşlıq modelinə çevrilməkdədir.

Ekspertlərin fikrincə, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı ölkənin regional diplomatiyasının mühüm uğurlarından biridir.

Səfər çərçivəsində diqqətçəkən digər mühüm hadisə Prezident İlham Əliyev və Prezident Sadır Japarov tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasıdır. Bununla Azərbaycanın daha əvvəllər müttəqilik münasibətləri qurduğu Mərkəzi Asiya dövlətləri Qazaxıstan və Özbəkistanın sıralarına Qırğızıstanı da daxil etdi.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.

Bu uğur Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasətin praktik nəticəsidir. Prezidentin Qırğızıstan səfəri nəticəsində əldə olunan razılaşmalar yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda, Orta Dəhlizin inkişafı, regional ticarətin genişlənməsi, investisiya axınının artırılması və Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşması istiqamətində mühüm strateji töhfə verir.

Azərbaycan–Qırğızıstan müttəfiqliyi bununla da Türk dünyasında siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin əsas sütunlarından birinə çevrilir.

Bir sözlə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın türk dünyasında strateji inteqrasiyanın dərinləşdirilməsi, Orta Dəhlizin perspektivlərinin genişləndirilməsi və ölkənin Avrasiyada artan geosiyasi rolunun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.