Yunanıstanda davam edən meşə yanğınlarında bir nəfərin öldüyü bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, paytaxt Afinanın təxminən 120 kilometr şimalındakı Viotia bölgəsində meşə sahəsində baş verən yanğınla əlaqədar ehtiyat tədbiri olaraq iki yaşayış məntəqəsi boşaldılıb.
Bölgədəki düşərgə ərazisi də təhlükəsizlik məqsədi ilə boşaldılıb.
Məlumata görə, yanğınsöndürmə qrupları tərəfindən Viotiyadakı süd müəssisəsində tapılan 80 yaşlı çobanın mal-qaranı qorumaq istəyərkən öldüyü müəyyən edilib.
Üçüncü gün Yunanıstanın Türkiyə sərhədində yerləşən Aleksandrupolis vilayətində baş verən meşə yanğını nəzarət altına alına bilməyib.
Alexandroupoli-Feres yolu da yanğın səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.
Yanğına havadan və qurudan müdaxilə davam edir. Aleksandrupolidə küləyin sürəti saatda 70 kilometrə çatır.
Yunanıstan Yanğından Mühafizə Xidmətinin açıqlamasına görə, bölgədə hökm sürən güclü külək səbəbindən yanğına nəzarət etmək çətindir.
Yanğının ilk iki günündə minlərlə hektar şam meşəsi məhv olub, 9 ev və bir kilsə tamamilə yanıb, bir çox binaya ziyan dəyib.
Yanğın rayonda əkinçilik sahələrinə, arı pətəklərinə və mal-qaraya ciddi ziyan vurub.
Bölgədəki bir çox yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq boşaldılıb.
Tüstü Gümülcine, Ksanti və qismən Volosa çatdığı üçün bölgədə fövqəladə vəziyyət elan edilib.