Ombudsmandan Xocalı bəyanatıbackend

Ombudsmandan Xocalı bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Qeyd olunub ki, beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir: “Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli cəzalarını almayıb və bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüşdür. Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına və davamlı inkişaf proseslərinə maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilib. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır”.

Bildirilib ki, ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir: “Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırıram.

Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

İnterpress.az