Gümrü qətliamının 40 günü qeyd olunurbackend

Gümrü qətliamının 40 günü qeyd olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avetisyan ailəsinin qohumları bu gün də bu dəhşətli faciə ilə bağlı bir çox sualların cavabsız qaldığını bildirir və yaxın bir neçə gün ərzində Ermənistan Baş Prokurorluğundan cavab alınmasa, “qəti tədbirlərə” əl atacaqlarını bəyan edirlər.

Avetisyan ailəsinin bütün 7 üzvünün, o cümlədən, iki yaşlı qız və altıaylıq oğlan uşaqlarının qırxı mərasiminə gələn qohumları bu sualların cavabını almaq istəyirlər.
Şübhəli bilinən Valeri Permyakovun ilk ifadələri əsasında təqdim edilən məlumatlar cavabdan daha çox suallar doğurur.

Rəsmi versiyaya görə, cəmisi bir ay bundan əvvəl Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazasında hərbi xidmətə başlayan Valeri Permyakov hərbi hissəni tərk edib, Myasnikyan küçəsində 188 nömrəli evin açıq darvazasından həyətə daxil olub və səhər saat 6 radələrində su istəyib.

Ev hərbi bazadan təxminən 4 kilometr uzaqdır və dərin bir dalanda yerləşir. Nə üçün “qatil” məhz bu qapını açıb? – qətlə yetirilmiş ev sahibəsinin bacısı Rita deyir.

Öldürülən Hasmik Avetisyanın bacısı oğlu Samvel Hovhannisyan bu günədək ibtidai istintaqın gedişi ilə bağlı heç bir məlumat alınmadığını bildirir
Güman ki, qapını açmaq üçün qalxan 55 yaşlı Hasmik Avetisyandan başqa, ayrı-ayrı üç otaqda yatan ailənin qalan üzvlərinin meyiti öz çarpayılarında aşkar edilib.
\”Necə olur ki, ailənin yaşlı üzvlərindən heç biri birinci yaxud ikinci ya üçüncü atəşin səsinə belə ayılıb yerindən qalxmayıb\”, bu sualı verənlər qətlləri tək bir adamın törətməsindən şübhələnir.

Şübhələrə səbəb olmuş daha bir amil də “qatilin” cinayət yerində “iz qoymasıdır”. Silahdan başqa hadisə yerində üstünə “Permyakov Valeri Pavloviç” yazılmış çanta, ayaqqabı və hərbi paltar tapılıb.

Bəziləri hətta Permyakovun günahkar olub-olmadığını sual edir.

“Buraxın onu, o günahsızdır. Sərbəst gəzən həqiqi caniləri axtarın. O uşaq bu günahsız ailəni öldürə bilməzdi. Onu bir müqəvva kimi atıblar”, – öldürülən ev sahibəsinin bacısı Culyeta deyir.

“Kimin paltarını geyinibmiş o oğlan [Permyakov]? Evdən apardığı 3 telefonla kimə zəng edib? Hadisə yerində kimin və neçə adamın barmaq izləri aşkar edilib? Permyakovun barmaq izləri ilə uyğun gəlimi? Heç olmasa bu sadə sualların cavabını versinlər. Yoxsa bu sükuta daha dözmək mümkün deyil” – öldürülən Hasmik Avetisyanın bacısı oğlu Samvel Hovhannisyan deyir.

Gümri \”Asparez\” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan şəhərdə vəziyyətin kəskin şəkildə gərginləşməsi təhlükəsini görür

Avetisyanlar ailəsinin qırx günü mərasimində əsasən qohum-qonşuları iştirak edirdi. Yeddisindən fərqli olaraq, şəhərə paytaxtdan əlavə polis qüvvələri yeridilməyib, şəhərdə bir ay bundan əvvəlki gərginlik hiss olunmur.

“Bu, kövrək sakitlik hər an pozula bilər. Gümri sakinləri baş prokuror Gevorq Kostanyanın cavabını gözləyir. O söz vermişdi ki, Permyakovun Ermənistana təhvil verilməsi üçün Rusiya baş prokuroruna müraciət edəcək. Gümri sakinləri 2-3 gün də gözləyər, lakin sonra vəziyyət gərginləşə bilər”, – BBC müxbirinə Gümri jurnalistlər klubunun rəhbəri Levon Barseğyan deyib.

Onun sözlərinə görə, qətldə şübhəli bilinən Permyakovun Rusiya hərbi bazasının ərazisində saxlanması hərbi baza haqqında dövlətlərarası müqavilənin müvafiq tələblərinə ziddir. “Ermənistan müstəntiqləri bu günədək yeni bir fakt aşkar edə bilməyiblər. Onlar sərbəst işləyə bilmirlər, çünki hər dəfə əsgəri dindirmək məqsədilə bazanın ərazisinə daxil olmaq üçün Rusiya hərbi rəhbərliyindən icazə almalıdırlar”, – Barseğyan deyir.

“Biz bu gün də bütün bir ailənin nəyə görə, kimin yaxud kimlər tərəfindən öldürüldüyü ilə bağlı heç nə bilmirik. Gümri əhalisi məlumat gözləyir. Bu belə davam edə bilməz, bu sükut partlaya bilər”, – o deyir.

Avetisyan ailəsinin qohumları isə, ibtidai istintaqın gedişi barəsində “müntəzəm şəkildə ağlabatan məlumat” verilməsə, artıq bu həftəsonu Ermənistan prezident iqamətgahı, Gümridə Rusiya konsulluğu yaxud Rusiya hərbi bazası önündə etiraz, o cümlədən, aclıq aksiyalarına başlmağa hazırlaşırlar, qətlə yetirilmiş Hasmik Avetisyanın bacısı Culyeta bəyan edib.

Ermənistan parlamentinin üzvü Martun Qriqoryan qətldə şübhəli bilinən rus əsgərin Ermənistana verilməsi xahişi ilə Moskvada Dövlət Duması üzvlərinə müraciət edib, mənfi cavab aldığını bildirir

Yanvarın 12-də Gümridə yaşayan Avetisyanlar ailəsinin 6 üzvü öldürülüb, bundan bir həftə sonra xəstəxanada dünyasını dəyişmiş altıaylıq körpə yaralanmışdı.
Qətllərdə 102 saylı Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov ittiham olunur.

O, deyilənə görə, Ermənistan-Türkiyə sərhədində xidmət edən Rusiya sərhədçiləri tərəfindən sərhədi keçmək istəyəndə saxlanılıb və Rusiya hərbi bazasına ötürülüb.

İnterpress.az