Parlamentdən İnterpress.az verilən məlumata görə, O. Əsədov M. Çavuşoğlunun AŞPA-ya rəhbərlik etdiyi dövrdə gördüyü işləri yüksək dəyərləndirərək, təcrübəli diplomatı Milli Məclisdə Türkiyənin xarici işlər naziri kimi salamlamaqdan məmnun olduğunu bildirib.
Spiker qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi sayəsində əməkdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib: “Bu münasibətlər dünyanın digər dövlətləri üçün də örnək olacaq səviyyədədir. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri zamanı əməkdaşlığımızın yeni hədəfləri müəyyənləşdirilib. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər iki ölkə tərəfindən əməli addımlar atılmaqdadır. Dövlətlərimiz arasında ticarət dövriyyəsinin həcmi ilbəil artır. Biz bu sahədəki göstəricini 2 mlrd. dollardan 5 milyardadək yüksəltmək niyyətindəyik. Bu gün Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına, azərbaycanlılar isə qardaş Türkiyə iqtisadiyyatına böyük yatırımlar etməkdədirlər. Biz parlamentlər səviyyəsində əməkdaşlığımıza böyük önəm verir, bu sahəni daim diqqət mərkəzində saxlayırıq”.
O. Əsədov bədnam qonşularımızın “erməni soyqırımı” məsələsindən söz açaraq, bu iddialara son qoymaq üçün birgə fəaliyyətin əhəmiyyətli olacağını vurğulayıb: “Dünya ictimaiyyətinin həqiqəti bilməsi üçün işlər davam etdirilməli, Xocalı soyqırımı ilə bağlı faktlar geniş ictimaiyyətə çatdırılmalıdır”.
M. Çavuşoğlu isə ölkəsinin xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini, burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, AŞPA-da çalışdığı dövrdə Azərbaycan nümayəndə heyəti ilə birlikdə səmərəli fəaliyyət göstəriblər. M. Çavuşoğlu türk dünyası qarşısında duran problemlərin həllində TürkPA-nın əhəmiyyətli rol oynaya biləcəyinə diqqət çəkərək, O. Əsədova təşkilatın fəaliyyətində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Qonaq bu ilin aprelində Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ölkəsində keçiriləcək tədbirlərdən söz açıb. O qeyd edib ki, ermənilərin “soyqırımı” iddialarının əksinə olaraq Türkiyə həmişə barış istəyib və heç kimin torpaqlarında gözü olmayıb: “Tarixi həqiqətlərin üzə çıxması üçün bu sahədə məqsədyönlü iş davam etdirilir”. Xocalı soyqırımının ildönümü münasibəti ilə o, Azərbaycan xalqına başsağlığı verərək, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının önəmini xüsusi vurğulayıb.
İqtisadi əlaqələrin inkişafından söz açan M. Çavuşoğlu region üçün böyük əhəmiyyət daşıyan enerji layihələrinin reallaşmasında hər iki ölkənin mühüm rol oynadığını söyləyib. O, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin inşasının tezliklə başa çatacağına da inamını ifadə edib. Qonaq bildirib ki, erməni millətçilərinin apardıqları siyasət nəticəsində onların ölkəsi bu kimi qlobal layihələrdən kənarda qalıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.
İnterpress.az